müəllif: Nicat İslamov - Gilas Optic şəbəkəsinin satış üzrə direktoru
OPTİK EYNƏKLƏR
Zaman keçdikcə hər kəsin görmə qabiliyyəti zəifləməyə doğru gedir. Müxtəlif göz xəstəlikləri, xroniki pozulmalar, irsi mənsubiyyət və yaş faktoru bu prosesə təsir edən əsas səbəblərdən biridir. Görmə itiliyini bərpa etmək üçün əksər hallarda optik dərəcəli eynəklərdən istifadə edilir.
Optik dərəcəli eynək müəyyən edilmiş görmə qüsurlarını korreksiya edən tibbi optik məhsuldur. Bu tip eynəklərlə, təyinatına uyğun olaraq, yaxın və ya uzaq məsafələrdəki obyektləri rahatlıqla izləyə bilir, kəskin və şəffaf görməni təmin etmiş oluruq.
Bəzilərimiz, xüsusən də cuzi uzaq və ya yaxıngörmə zəifliyi olanlar, eynək taxmağa tərəddüd edir. Budəfəki mövzumuzda optik eynəklərdən kimlər istifadə etməlidir, eynək seçərkən nələrə diqqət yetirməliyik və sair suallara cavab axtarmağa çalışacağıq.
OPTİK EYNƏKLƏRDƏN NƏ ZAMAN İSTİFADƏ EDİLİR?
Yaxıngörmə (miopiya) zamanı
Uzaqgörmə (hipermetropiya) zamanı
Astiqmatizm zamanı
Presbiopiya zamanı
Göz yorğunluğu sindromu zamanı
Göz quruluğu və göz qızarması zamanı
Xroniki konyunktivit və blefarit zamanı
Bu sindromların hər hansı birini və ya bir neçəsini özünüzdə müşahidə etdiyiniz zaman mütləq həkim müayinəsindən keçməyiniz məsləhət edilir.
OPTİK EYNƏKLƏRİN NÖVLƏRİ
Müxtəlif görmə məsafəsindən və vizual pozuntudan asılı olaraq eynəklər təyinatına görə fərqlənir:
Yaxıngörmə eynəkləri – uzağı zəif görənlər üçün
Uzaqgörmə eynəkləri – yaxını və orta məsafələri zəif görənlər üçün
Astiqmatik eynəklər- buynuz qişada nahamarlıq və əyrilik problemi yaşayanlar üçün
Presbiopiya eynəkləri- yaşla əlaqəli yaranan yaxını zəif görənlər üçün
Qoruyucu eynəklər – ekranlardan və ətraf mühitdən gələn zərərli şüalardan gözü qorumaq üçün
Yalnız kompleks müayinə zamanı həkim oftalmoloq uyğun olan korreksiyanı müəyyən edib sizə lazım olan eynək növünü təyin etməlidir.
OPTİK DƏRƏCƏLİ ŞÜŞƏLƏR
Korreksiya zamanı görmə keyfiyyətinə təsir edən əsas amillərdən biri ,təbii ki optik dərəcəli şüşələrdir. Əgər onların növü və təyinatı doğru-düzgün seçilibsə, istifadəçi həmin eynəkdən istədiyi komfortu əldə edəcək, görmə zəifliyini tamamən aradan qaldıracaq. Yox, əgər şüşə yanlış təyin olunubsa, bu birbaşa göz ölçülərinin daha çox artmasına və gələcəkdə daha ciddi problemlər yaranmasına zəmin yaradacaq. Elə buna görə də, eynək seçiminə ciddi yanaşmağımız şərtdir.
Bəs optik şüşə seçərkən hansı meyarlara diqqət yetirməliyik? Gəlin tək-tək üzərindən keçək:
OPTİK ŞÜŞƏLƏRİN XAMMADDƏSİ
Materiala görə əsasən iki növ şüşələr təklif edilir polimer (orqanik) və mineral (şüşə). Ümumi göstəricilərə nəzər salsaq, mütəxəssislər adətən polimer, yəni orqanik tərkibli optik şüşələri tövsiyə edirlər. Onlar daha yüngüldür, qırılmağa dayanıqlıdır və incədir. Polimer şüşəni istədiyimiz çərçivə tipinə montaj etmək mümkündür. Mineral şüşələr son zamanlar daha az istifadə edilir. Əsas səbəb bu tip şüşələrin ağır və sınmağa kövrək olmasıdır. Mineral şüşə qırıldıqda həm də gözü zədələmə ehtimalı daha yüksək olduğu üçün bu materialdan olan şüşələri uşaqlara və aktiv həyat tərzi sürən insanlara məsləhət görmürlər.
ŞÜŞƏLƏRİN OPTİK FOKUSLARI
Görmə qabiliyyətinin pozulma dərəcəsindən və növündən asılı olaraq istifadəçilərə müəyyən optik fokuslu şüşələr təqdim edilə bilər:
Monofokal – tək optik mərkəzli, yaxın və ya uzaqgörməni korreksiya edən şüşələr
Multifokal – iki və ya bir neçə optik zonalı xüsusi təyinatlı şüşələr
Multifokal şüşələrin müəyyən kateqoriyaları mövcuddur:
Bifokal – iki optik zonalı, presbiopiya zamanı və ya yüksək dərəcələrdə təyin edilə bilər. Şüşələrə adaptasiya çətinliyi baxımından son zamanlar çox az istifadə edilir.
Ofis şüşələri – presbiopiya korreksiya növünə aid iki fokuslu (yaxın və orta) yeni nəsil şüşələr. Masa arxası çalışanlar, aktiv kompüter və sənədlərlə işləyən insanlara xitab edir.
Akkomodasiya dəstəkli – iki optik zonalı yaxına dəstəkli xüsusi optik şüşələr. Göz yorğunluğunu aradan qaldıran yeni texnologiya.
Proqressiv – presbiopiyanı korreksiya edən, 3 görmə zonalı (yaxın, orta və uzaq) yeni nəsil optik şüşələr.
OPTİK ŞÜŞƏLƏRİN DİZAYNI
Optik dərəcəli şüşə seçərkən xüsusi nəzər yetirilməli olan məqam onun hansı dizaynda olmasıdır:
Sferik – hər iki səthi sferik formalı. Mənfi tərəfi – fokus mərkəzinin nisbətən kiçik olması, yanlara doğru aberrasiya (kor zona)
Asferik – şüşənin ön səthi sferik formada deyil. Nəticə olaraq daha geniş baxış alanı ilə yanaşı sferik şüşəyə nisbətən incə və yüngül
Bi-asferik – praktiki aberrasiyanın sıfıra yaxın olması
Əlavə olaraq, astiqmatizmi olan istifadəçilərə xüsusi silindrik dizaynda şüşələr təqdim edilir. Həmçinin çəpgözlük zamanı prizmatik dizaynda optik şüşələr mövcuddur.
ŞÜŞƏNİN BAZA ÖRTÜKLƏRİ
Tanınmış optik istehsalçılar şüşələrini əsas baza örtükləri ilə təchiz edir:
Anti-refleks – işıq keçiriciliyini artıran, əksetməni azaldan əsas örtük
Sərt örtük – şüşənin ömrünü uzadan, zərbə və cızılmaya qarşı örtük
Hidrofobik – su və çirk saxlamayan xüsusi örtük
Antistatik – şüşənin səthində əmələ gələn statik qüvvəni azaldaraq toz saxlamayan xüsusi örtük
Bundan əlavə, müasir şüşələr xüsusi qoruyucu örtüklərlə də təchiz edilə bilir :
UV Protection – zərərli ultrabənövşəyi şüalardan qoruma
Blue Control – ekranlardan və ətraf mühitdən gələn zərərli və göz yorucu mavi şüalardan qoruyan funksiya
OPTİK ÇƏRÇİVƏLƏR
Optik dərəcəli eynək alarkən diqqət yetirməli olan əsas meyarlardan biri də təbii ki çərçivə seçimidir. Dəb və zövq məsələsini kənara qoysaq, optik çərçivələr formasına və materialına görə ayırd edilir.
ÇƏRÇİVƏNİN MATERİALI
Çərçivələrin xammalından danışarkən əsas iki istiqamətdən biri seçilir : plastik və ya metal.
Optik eynəyin tibbi aksesuar olduğunu nəzərə alsaq, eynək istehsalçıları xüsusi plastik xammallardan istifadə edirlər: tr-90, ultem, asetat və sair. Bu materiallar daha yüngül və hipoalergen olmaqla yanaşı, geniş rəng seçiminə malikdir.
Metal çərçivələr də öz növbəsində müxtəlif materiallarda təqdim edilə bilər: paslanmaz polad, titan və s. Bu materialdan olan çərçivələrin əsas üstünlüyü dayanıqlı olması və üzdə plastiklərə nisbətən daha az bilinməsidir.
Son zamanlar tanınmış eynək istehsalçıları kombinasiya üsulundan istifadə edərək yeni modellərini qarışıq tərzdə - həm metal, həm də plastik elementlərdən istifadə edərək universal həllər təklif edirlər. Nəticədə istifadəçi dözümlü və uzun müddət istifadə edə biləcəyi çərçivəni geniş çeşidli formalar və müxtəlif rənglərdə əldə edə bilir.
ÇƏRÇİVƏNİN FORMASI
Öz konstruktiv quruluşuna görə çərçivələri 3 növə ayırmaq olar:
Rimli çərçivələr – optik şüşəni tam şəkildə əhatə edən, standart qapalı növ.
Yarım çərçivələr – şüşənin alt və ya üst qismi qapalı çərçivə növləri
Faset – yalnız qulp və körpü hissələri mövcud açıq tipli çərçivələr
Çərçivə seçimi zamanı diqqət yetirməli olan əsas məqamlardan biri çərçivənin üzümüzdə tam oturması, kiçik və ya böyük olmamasıdır.
Görmə qüsurunun mürəkkəbliyini nəzərə alaraq, seçim edərkən optik mütəxəssislərin tövsiyələrini almaq faydalı olar.
Qeyd edim ki, eynəyinizi Gilas Optic mağazalar şəbəkəsindən əldə etdiyiniz zaman, peşəkar konsultantlarımız sizə ən uyğun optik şüşə və çərçivə seçimlərində lazımi dəstəyi göstərəcək, müxtəlif istehsalçıların yeni kolleksiyaları və şüşə texnologiyaları ilə tanış edəcəklər.
Gilas Optic-ə gəlin – fərqi özünüz də görün!